Azerbaycan Basnında Derneğimiz

(Azerbaycan-Paritet Gazetesi ile yapılan Röportaj)

İstanbul Türkiyə-Azərbaycan Dərnəyi Xocalı soyqırımı ilə bağlı fevralın 26-da Taksim meydanında mitinq keçirəcək

Dünyanın müxtəlif yerlərində məskunlaşan azərbaycanlılar hər zaman ayrıldıqları Vətəni layiqincə təmsil edərək, onun haqlarını qoruyur, həqiqətlərini dünyaya çatdırırlar. Bu işdə bütün dünya azərbaycanlıları əlindən gələni edir. Bunun nəticəsidir ki, dərnəklər, cəmiyyətlər, təşkilatlar formasında fəaliyyət göstərən diasporumuz fəaliyyət çevrəsini genişləndirərək, öz gücünü artırmaqdadır. Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının birgə fəaliyyəti isə hər iki ölkə diasporunun səsinin daha gur eşidilməsinə səbəb olur. Buna qardaş dövlətlərin diaspor təşkilatlarının bir-birinin maraqlarını qoruması da səbəb olan amillərdəndir. Belə təşkilatlardan biri də İstanbul Türkiyə-Azərbaycan Dərnəyidir. Dərnək 2011-ci ilin iyun ayının 22-də yaradılıb. İyulun 24-də isə dərnəyin açılışı olub. Yeni yaranmasına baxmayaraq, dərnək qısa zamanda bir çox işləri həyata keçirib. Biz də “Paritet” qəzeti olaraq, dərnəyin sədri Səfər Qaraqoyunludan qısa zaman kəsimində həyata keçirdikləri və gələcək perspektivlər ilə bağlı müsahibə aldıq. Məlumat üçün bildirək ki, Türkiyənin İğdır şəhərində anadan olan S.Qaraqoyunlu əslən azərbaycanlıdır. Bizimlə söhbətində atasının Azərbaycanın Muradxanlı, anasının isə Qaraqoyunlu mahalından olduğunu bildirib. Təəssüflə qeyd edib ki, Azərbaycanda, yəni Şimali Azərbaycanda olan ata yurdum erməni işğalı altındadır. Rəhbərlik etdiyi dərnəyin məqsədləri ilə bağlı danışan S.Qaraqoyunlu bildirib ki, əsas amalları Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq, qardaşlıq və həmrəylik əlaqələrinin inkişaf etdirilməsidir.

-Azərbaycanda yaşayan soydaşlarımız və dünyanın müxtəlif yerlərində məskunlaşan azərbaycanlılarla sosial, mədəniyyət, iqtisadiyyat, təhsil, tədris və s. məsələləri dərnəyin əsas fəaliyyət məqsədidir. O cümlədən, köçüb gələnlər və ya digər məsələlər üzündən Türkiyədə yaşayan azərbaycanlıların Türkiyə ictimaiyyəti ilə daha yaxşı və daha sıx dialoq qurmalarına, Türkiyədəki sosial həyata adaptasiya olmalarına, iş, təhsil, vətəndaşlıq və digər problemləri varsa, bu problemlərin həllinə, ayrıca olaraq, öz aralarında həmrəyliyin artırılmasına kömək etməkdir. Dərnək Azərbaycanla Türkiyə arasındakı sosial, mədəniyyət, iqtisadi, siyasi və digər əlaqələri daha da inkişaf etdirməyə çalışır. Eyni zamanda, Azərbaycanda yaşayan azərbaycanlıların Türkiyə haqqındakı müsbət duyğu və düşüncələrini daha da artırmağa, Türkiyədə yaşayan türklər arasında isə Azərbaycana qarşı olan simpatiyanın artırılmasına səy göstəririk. Dərnək təhsil, iş, səyahət kimi normal səbəblərlə Türkiyəyə gələn azərbaycanlıların əlaqədar qurum və təşkilatlarla əlaqə qurmalarına, ölkəmizdə qaldıqları vaxtda müəyyən məsələləri ilə bağlı qarşılaşdıqları problemlərin həll edilməsinə də köməklik göstərməyə çalışır.  Bu dərnəyi yaratmaqda məqsədimiz Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq, qardaşlıq və həmrəylik bağlarını inkişaf etdirməkdir. Azərbaycan və Türkiyənin dostluq və həmrəyliyi sonsuzadək davam etməlidir. Biz Azərbaycanın haqlı mübarizəsini dünya ictimaiyyətinə var gücümüzlə anlatmalıyıq. Biz “İstanbul Türkiyə-Azərbaycan Dərnəyi” olaraq Azərbaycan və Türkiyənin dünyada səsi olacağıq.

-Dərnəyiniz yarandığı qısa zamanda hansı işləri həyata keçirib?

-Əvvəlcə onu qeyd edim ki, mənim və soydaşlarımın Türkiyə və Azərbaycan dostluq və həmrəyliyi üçün fəaliyyət göstərməyimiz illər öncədən başlayıb. 1983-cü ildə rəhmətlik İbrahim Bozyelin tələbəsi olduğumuz vaxtdan etibarən əsas şüarımız “Türk dünyası”, “Azərbaycan və Türkiyə” olub. Bu dərnəyin xaricində İstanbulda ilk Azərbaycan evini yaratdım və bir çox vətəndaş cəmiyyəti təşkilatlarında idarəçiliyim davam edir. Dərnəyimizin 7 ay əvvəl yaradılmasına baxmayaraq, imkanları daxilində bir neçə  tədbirlər təşkil edib. Misal üçün, 500 nəfərin iştirak etdiyi, Türkiyədən, Azərbaycandan, müxtəlif ölkə və şəhərlərdən yüksək səviyyəli qonaqların qatıldığı açılış təşkil edildi. Bu açılışda Azərbaycan və Türkiyə arasındakı həmrəylik və birlikdən danışıldı. Eyni zamanda, Qars və İğdırın Ermənistan soyqırımından qurtuluşunun 91-ci ildönümünü təşkil etdik. Burada da çoxlu sayda yüksək səviyyəli şəxslər iştirak etdi. Azərbaycan mediası və millət vəkili Sabir Rüstəmxanlı da tədbirdə işdirak edirdi. Həmçinin, mərasimdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsi də anıldı. İlk işimiz isə İstanbulda və yurdumuzun müxtəlif bölgələrində olan dərnəklərlə işbirliyi qurularaq birlik və həmrəyliyin yaradılması olub ki, buna da müəyyən qədər nail olmuşuq. Bu istiqamətdə işlərimiz davam edir. Biz fəaliyyətimizlə Azərbaycan və Türkiyə türkləri arasında qüvvətli bir körpü yaradacağıq. Birliyimiz, diriliyimiz və həmrəyliyimiz üçün bütün gücümüzü sərf edəcəyik. Bu məsələdə kimsənin şübhəsi olmasın.

-Dağlıq Qarabağ və Xocalı soyqırımı həqiqətlərinin, ümumilikdə Azərbaycanın təbliği ilə bağlı hansı işləri görürsünüz? 

- Qarabağ problemi təkcə Azərbaycanın deyil, bütün türklərin problemidir. Bu problem də bir gün həllini tapacaq. Azərbaycanın haqlı davasını bütün dünya bilir, amma hələ ki, bir çarə tapılmır. Lakin Türkiyə Azərbaycanın haqlı davasının arxasındadır. Türkiyədə üç milyon yarım azərbaycanlı yaşayır. Amma Qarabağ məsələsini 73 milyonluq türk xalqı ürəyində hər zaman hiss etməkdədir. Biz də dərnək olaraq, başda Dağlıq Qarabağ olmaqla, Azərbaycanın işğal altında olan torpaqlarında işğalçı dövlətlər tərəfindən Azərbaycan xalqına qarşı törədilən haqsızlıqları gündəmə gətirmək və işğal altındakı torpaqlardan evlərini tərk etməyə məcbur edilərək köçkün vəziyyətinə düşən azərbaycanlıların, istər Türkiyədə, istərsə beynəlxalq platformalarda problemlərini dilə gətirmək və Azərbaycanın lehinə cəmiyyəti yönləndirmək istiqamətində çalışır.                                                                        Xocalı soyqırımını isə bütün tədbirlərdə, görüşlərdə qabardaraq dilə gətiririk. Dərnəyimiz bu il fevral ayının 26-da, bazar günü saat 12:00-dan 17:00-a kimi İstanbulun Taksim meydanında böyük mitinq keçirəcək. Bu haqsızlığı, soyqırımı dünyaya eşitdirəcəyik. Hesab edirik ki, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bütün səsli və vizual təbliğat vasitələrində istifadə edilməlidir. Dövlətlərin də bunu dəstəkləmələri üçün fəaliyyətimizi genişləndirməliyik. Bu soyqırımı törədənlərin cavab vermələri və yurdundan qovulan soydaşlarımızın evlərinə dönmələri üçün lazım olan işlər görülməlidir.                                                                                  Ötən ayda 20 Yanvar hadisələri ilə bağlı geniş bir konfrans təşkil etdik. Azərbaycan və Türkiyənin müxtəlif media qurumlarında da yayımlandı. O cümlədən, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində də işlər həyata keçiririk. Bununla bağlı musiqi-teatr-incəsənət və digər istiqamətlərdə proqramlar təşkil edirik. Azərbaycanın və Türkiyənin ortaq mədəniyyətini təbliğ edirik. Həmçinin, informasiya və texnologiyadan istifadə edərək, Azərbaycan mədəniyyətini, adət-ənənələrini yaşadıb, inkişaf etdirərək gələcək nəsillərə çatdırmağa çalışırıq. Yeri gəlmişkən deyim ki, fevralın 12-də Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin anma mərasimini keçirəcəyik. Martın 21-də isə Novruz festivalı təşkil edəcəyik. Bununla yanaşı, dərnəyimizin internet səhifəsində də (turkiyeazerbaycandernegi.com) Azərbaycan haqqında məlumatlar yerləşdirilib. Bu məlumatlar Azərbaycanın mədəniyyəti, tarixi, musiqisi ilə bağlıdır. Azərbaycan muğamını dinləmək üçün xüsusi link də yerləşdirilib. Nümunə üçün deyim ki, saytımızın “Azərbaycanı tanıyalım” bölməsində bu ölkənin tarixi, coğrafiyası, iqlimi, iqtisadi resursları, təbii sərvətləri, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin azərbaycanlılara qarşı törətdikləri, demək olar ki, Azərbaycan haqqında geniş məlumatlar var. “Fəaliyyətlərimiz” bölməsində isə, Azərbaycanın teatrı, folkloru, incəsənəti, mədəniyyəti haqqında və digər məlumatlar yerləşdirilib.

-Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının birgə fəaliyyətini necə qiymətləndirirsiniz?

-Dünya Azərbaycanlılarının III Qurultayında Prezident İlham Əliyev çox önəmli mövzulara toxundu. Onlardan biri və ən vacibi Prezidentin “düşmənimiz eynidir” ifadəsidir. Bu, bizə verilən ən gözəl birlik, bərabərlik, qardaşlıq və həmrəylik mesajı idi. Xarici ölkələrdə yaşayan soydaşlarımızın birlik, bərabərlik, həmrəylik içində olması üçün səfirliklərimizin dialoq çərçivəsində işləməsini, problemlər yarandığında təşkilatlarla bir yerdə onların həll edilməsi üçün dəyərli məsləhətlər verdi. Məncə, bu fikirlər Azərbaycanın xarici ölkələrdə olan diasporu üçün yeni dövrün başlanılmasına işarədir. Son 10-15 ildə Azərbaycan və Türk diasporu xeyli güclənib. Prezident İlham Əliyevin dediyi kimi, düşməni eyni olan bir millətin diasporu da bir olmalıdır. Əgər biz birlikdə fəaliyyət göstərəriksə, bu zaman daha güclü olarıq. Bu yönümdə də mühüm işlər görülür. Diaspor təşkilatları, dərnəkləri yaradılır. Fikrimcə, təşkilatlar, dərnəklər yaradılarkən insanlar buradan mənfəət düşünməməlidirlər. Mənfəət düşünülmədiyi təqdirdə, müəyyən işlər görülə bilər. Azərbaycan diasporunun hal-hazırkı vəziyyəti isə normal və inkişaf etməkdədir. Türkiyə və Azərbaycan arasında dostluq yeni qurulan bir dostluq deyil. Bu iki ölkə arasında dostluqdan başqa əsirlərlə söykənən bir  qardaşlıq var. Buna görə də, iki dövlət bir dam altında fəaliyyət göstərməlidir. Xüsusilə, düşməni eyni olan bu xalqın diaspor fəaliyyəti qarşılıqlı olaraq ən yüksək səviyyədə dəstəklənməlidir. Bununla bağlı ümummili lider, müasir və müstəqil Azərbaycan dövlətinin memarı, dünya səviyyəli siyasət adamı rəhmətlik Heydər Əliyevin dediyi kimi, “Biz iki dövlət bir millətik”. Biz əzəldən bəri qardaş millətik, qardaşlığımızın, dostluğumuzun inkişafı üçün daha çox çalışmalıyıq. Eyni zamanda, Türkiyə Cümhuriyyətinin qurucusu ulu öndər Qazi Mustafa Kamal Atatürk də deyib ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Əslində M.K.Atatürk bununla türk toplumuna istiqamət göstərib.

-Bildiyiniz kimi, Fransa Senatında qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı cəza nəzərdə tutan qanun qəbul edildi. Bu işdə türkdilli dövlətlərindən təkcə Azərbaycan Türkiyənin yanında idi. Sizcə, digər türkdilli dövlətlərin həmrəylik nümayiş etdirməməsinin səbəbləri nədir?

- Bu gün bir çox Türk dünyası adıyla yaşayan dövlətlər əslində müstəqil deyillər. Əvvəlcə, onların güclü və müstəqil olmaları üçün mübarizə aparmalıyıq. Xüsusilə, Rusiyadan aslılıqları var. Səbəb sadədir. Amma bununla mübarizə aparılmalıdır. Ən qısa zamanda Türk Dünyası Birliyi qurulmalıdır. Mən inanıram ki, o zaman əsarət altından qurtulmayan qardaş dövlətlərimiz daha dik duracaq. Tam müstəqil olduqları zaman səsləri daha gur eşidiləcək. Məncə, türk dünyası həmrəy ola bilər. Dünyanın bütün yeraltı zənginlikləri türk dünyasının əlində olduğu vaxtda niyə də həmrəy olmasınlar. Bu bölgənin dərdi nədir? Əsl məsələ qoyunun qarnındakı qara quzu dərisində saxlanıb... Bilirsiniz, ən gözəl papaq doğmamış qoyunun qarnındakı qara quzu dərisindən düzəldilir... Bütün imperialistlər də qoyunun qarnındakı qara quzu dərisinə göz dikiblər. Əsl məsələ də budur. Türk dünyasını birləşdirmək üçün isə, Türk Dünyası Üst Platforması qurulmalı, qarşılıqlı anlaşmalar əldə edilməli və türk xalqları arasında milli şüur inkişaf etdirilərək türkçülük gücləndirilməlidir. Bizim dərnəyimizin də gördüyü işlərlə türk dünyasında payı olacaq. Bu çərçivədəki fikirlərimizi bütün platformalarda dilə gətirəcəyik. Dünyada türkün türkdən başqa dostu yoxdur. Bunu hər kəs bilir. Lakin hər nə qədər düşündüyümüz türk dünyası bu “erməni soyqırımı” məsələsinə səssiz qalsalar da, biz hər ölkədə bu haqsızlığa qarşı çıxmalıyıq. Biz dərnək olaraq bu qanuna qarşı etiraz bəyanatı ilə çıxış etdik. Bəyanatımızda ermənilərin əsl soyqırımçı olduğunu, azərbaycanlılara qarşı törətdiklərini də bildirmişik. Xüsusilə qeyd etdik ki, Fransa ədalətli bir mövqe tutmaq istəyirsə, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı gündəliyə çıxarmalıdır.

Asif NƏRİMANLI

haber..linki....http://www.paritet.az/siyaset/4753.html



1631 kez okundu

Yorumlar

Henüz yorum yapılmamış. İlk yorumu yapmak için tıklayın
Ziyaret Bilgileri
Aktif Ziyaretçi1
Bugün Toplam2
Toplam Ziyaret327682
Döviz Bilgileri
AlışSatış
Dolar32.486832.6170
Euro34.601234.7398
Hava Durumu
Saat
Takvim